Müəllimlər üçün təlimat

e-sual platformasında öz onlayn imtahanlarınızı yarada, tələbələrinizi qiymətləndirə və qazanc əldə edə bilərsiniz. Aşağıdakı addımları izləyin.

1. Qeydiyyatdan keçin

Ana səhifədəki "Qeydiyyat" düyməsinə basın və müəllim kimi qeydiyyatı seçin. Ad, soyad, e-poçt, şifrə və tədris etdiyiniz fənn kimi məlumatları daxil edin. E-poçtunuza göndərilən təsdiq kodunu daxil edərək hesabınızı aktivləşdirin.

2. Yeni imtahan yaradın

Sistemə daxil olduqdan sonra "İmtahanlarım" bölməsinə keçin və "Yeni imtahan" düyməsinə basın. İmtahana bir ad verin (məsələn: "Buraxılış İmtahanı - Təbiət"), imtahanın müddətini (dəqiqə ilə) təyin edin. Əlavə olaraq sualların qarışdırılması, düzgün cavabların göstərilməsi kimi ayarları seçə bilərsiniz.

3. Ödəniş modelini seçin

Üç seçim var:

  • Tələbə ödəyir: Hər tələbə imtahana qoşulmaq üçün təyin etdiyiniz qiyməti ödəyir. Bu gəlir sizinlə platforma arasında bölünür.
  • Müəllim ödəyir: Siz iştirakçı yerlərini əvvəlcədən alırsınız (məsələn, 30 tələbəlik), tələbələr isə ödənişsiz qoşulur.
  • Abunə paketi: Abunə paketləri siyahısından sizə uyğun olan paketi seçib abunə haqqını ödəməklə tələbələriniz üçün seçdiyiniz paketin təklif etdiyi xidmətlərdən istifadə edirsiniz.

QEYD: əgər seçdiyiniz paketə daxil olan xidmətlərdən hansısa bitərsə o zaman digər seçimlərdən də istifadə edə bilərsiniz.

4. Fənlər əlavə edin

İmtahanınıza fənlər əlavə edin (məsələn: Riyaziyyat, Fizika, Kimya). Hər fənn üçün bir sualın neçə bal olduğunu təyin edə bilərsiniz — beləcə fərqli fənlərə fərqli çəki verə bilərsiniz.

Fənn əlavə etmək iki fərqli yerdə mümkündür:

  • Sual bankı bölməsinə daxil olaraq yeni sual yaradarkən fənn seçin yazısına klik edərək yeni fənn  yazısını seçirsiniz. Bu zaman yeni fənn adı adlı xana açılır və həmin xanaya sualı əlavə edəcəyiniz fənnin adını daxil edib davam edirsiniz. Beləliklə həm sual yaratmış, həm də fənn yaratmış olursunuz. Sonrakı sual yaradarkən fənn seçin yazısına klik etdikdə artıq yaradılmış fənnlərin siyahısı görünəcəkdir.
  • İmtahan bölməsində daxcil olaraq fənlərə keçid et yazısına klik etməklə açılan xanaya yaratmaq istədiyiniz fənnin adını yazıb əlavə et yazısına klik etməklə və növbəti fənni əlavə etmək üçün yuxarıda yaşıl rəngdə olan yeni fənn əlavə et yazısına klik etməklə eyni qaydada fənn əlavə etmək mümkündür.

5. Suallar yazın

Hər fənnə suallar əlavə edin. Üç növ sual dəstəklənir:

  • Çoxvariantlı: Bir neçə variant, biri düzgün.
  • Doğru-yanlış: İki variantlı sadə suallar.
  • Açıq cavab: Tələbə cavabı özü yazır. Cavabı müəllim öz şəxsi səhifəsində açıq suallar adlı bölməyə daxil olub yoxlayır.

QEYD: sual yaradarkən foto əlavə etməklə fotolu suallar da yaratmaq mümkündür.

Hər sualın düzgün cavabını qeyd etməyi unutmayın. 

6. Yanlış cavab qaydası (istəyə bağlı)

İstəsəniz, "hər N yanlış cavab bir düzgün cavabı silir" qaydasını təyin edə bilərsiniz. Bu, real imtahanlardakı kimi mənfi bal sistemidir. Məsələn, "hər 4 yanlış 1 düzgünü aparır" seçsəniz, hər fəndə tələbənin yanlışları düzgün cavablarını azaldacaq. Ayarlarda hazırda aşağıdakı seçimlər mövcuddur:

  • Cəzasız- səhvlərin düzgün cavablara təsiri yoxdur;
  • Hər 3 səhv 1 düzgün cavabı silir;
  • Hər 4 səhv 1 düzgün cavabı silir;
  • Özəl qayda-bu zaman necə səhvin 1 düzgün cavabı silməsini siz təyin edirsiniz.

7. İmtahanı aktivləşdirin

İmtahan hazır olduqda (ən azı bir sual əlavə etdikdən sonra) "Aktivləşdir" düyməsinə basın. Əgər "müəllim ödəyir" modelini seçmisinizsə, iştirakçı yerlərinin ödənişi tələb olunacaq. Ödənişdən sonra imtahan aktivləşir və sistem sizə 8 rəqəmli bir imtahan kodu verir. Bu kodu tələbələrinizlə paylaşın.

8. İştirakçı sayını artırın (lazım olsa)

İmtahan aktiv olduqdan sonra da iştirakçı yerlərinin sayını artıra bilərsiniz. "Müəllim ödəyir" modelində yalnız yeni əlavə olunan yerlər üçün ödəniş edirsiniz.

9. Nəticələri izləyin

"İştirakçılar" bölməsində imtahanınızı verən bütün tələbələri, onların nəticələrini görə bilərsiniz. Həmçinin fənn üzrə orta nəticələr, ən çətin suallar (ən çox səhv edilən) kimi statistikalar sizə tələbələrin zəif tərəflərini göstərir.

10. Qazancınızı idarə edin

Tələbələrin ödədiyi məbləğin sizə düşən hissəsi balansınıza əlavə olunur. Bu məbləği "Ödənişlərim" bölməsində görürsünüz. Balansınız təyin olunmuş minimum həddə çatdıqda, ödənişinizi tələb edə bilərsiniz — bunun üçün "Ödənişlərim" bölməsində "Məxaric et" yazısına klik etməklə məxaric etmək istədiyiniz məbləği və ödəniş ediləcək formanı (  bank hesabı və ya bank kartı) seçməklə məxarici təsdiq edirsiniz. Təsdiq edildikdən 3 iş günü ərzində məxaric etdiyiniz məbləğ seçdiyiniz hesaba köçürüləcəkdir.

Video təlimat

Vacib qeydlər

  • İmtahana 5-dən çox tələbə qoşulubsa, sual əlavə etmək və ya silmək məhdudlaşır (nəticələrin ədalətli olması üçün).
  • İmtahanı istənilən vaxt bağlaya və ya yenidən aça bilərsiniz.
  • Komissiya faizi və yer qiyməti hər müəllim üçün fərqli ola bilər — bu, platforma administratoru tərəfindən tənzimlənir.

Kömək lazımdır?

Hər hansı sualınız və ya probleminiz olsa, "Əlaqə" bölməsindən bizimlə əlaqə saxlayın.

Əlaqə səhifəsinə keç →